Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda "Cavad Heyət" mübarizəsi

سه شنبه 20 تیر 1391


 

Şəfəq NASİR

 

 

Görkəmli cərrah, ədəbiyyatşünas alim Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” monumental əsərinin böyük maraqla mütaliəsini başa çatdırdım. Kitabda Türk dilinə, Azərbaycan ədəbiyyatına əhatəli və mükəmməl bir baxış ifadə olunub. Bu əsərlərin yazılma tarixindən illər ötsə də onların böyük hissəsi ilə ilk dəfə tanış olurdum. Əlbəttə, bu sadəcə tanışlıq yox, bədii əsərdən duyduğum ötəri bir zövq yox, mötəbər qaynaqlara söykənmiş faktlara, elmi araşdırmalara, müəllifin doğru mövqedən, köklü-köməcli münasibət bildirməsi ilə diqqətimi çəkdi.

 

Kitaba “Ön söz əvəzi” yazan doktor Məhəmmədrza Heyət onun “Türkçülük şüuru”nu formalaşdıran atası Əli Heyətin millətin azadlıq ideallarını gerçəkləşdirmək uğrunda siyasi fəaliyyətindən bəhs etməsi, doktorun ailə və cəmiyyət içində formalaşması, tibbdə, ədəbiyyatşünaslıqda inkişafı prosesini bir ziyalı, dost, məsləkdaş kimi izləməsi baxımından səciyyəvidir.

 

Bu təqdimat həm də ona görə dəyərlidir ki, C.Heyət Türk-Avropa-Qərb mədəniyyətinə malikliyi, bələdliyi, bitkin, mükəmməl xarakteri ilə gözümüzün önündə canlı bir obraz olaraq dayanır. Bu obraz ona bütövlük verən tərcümeyi-halının başdan-başa qızıl sətirləri sayılan fakt və hadisələrin fonunda aydın görünür. Ustadın məktəb illərindən başlamış, Tehranda, İstanbulda, Parisdə tibb ixtisasının incəliklərinəcən yiyələnməsi, vətənində bir sıra yerlərdə cərrahlıq klinikaları qurması, ümumi cərrahlıqla yanaşı ürək əməliyyatları  aparması, bu sahənin böyük uğurları  tərcümeyi-halının parlaq səhifəsidir. C.Heyətin Azərbaycan dilini, ədəbiyyatını tədqiqi sahəsində ərsəyə gətirdiyi sanballı kitabları, fəxri diplomları, təltifləri, bütün bunların ucalığında dayanmış dağ əzəmətli Şəxsiyyəti tanımağa pəncərə açır. Bu pəncərədən C.Heyətin əsərlərinin 359 adda biblioqrafiyasına göz yetirmək kifayətdir ki, sənətdə və ədəbiyyatda varlığımızın var olduğunu görə bilək. Gördüklərimizdən sonra gəncliyindən qəlbində alovlanan türkçülük ideyalarının inkişafı yolunda bir mücadilə həyatı yaşayan cərrah və ədəbiyyatşünas alimin zəfər dünyasına, yaradıcılıq yoluna bələd olmaq  istəyi qəlbə hakim kəsilir.

 

Bakı müxbirinə verdiyi bir müsahibədə “Cərrahlıqla ədəbiyyatı necə birləşdirə bildiniz?” sualına doktorun “peşəm cərrahlıqdır, eşqim isə ədəbiyyat” cavabının arxasında illər uzunu ağrılar, çətinliklər, zəhmət dolu, həm də şərəfli bir ömür yolunun yaşantısını duymaq, dərk etmək elə də çətin deyil. Doğrudan da ədəbiyyata bunca aşiqlik, bağlılıq onu millətin kimliyi, varlığı uğrunda mübarizəyə səfərbər edə bilərdi.

 

Məlumdur ki, hər bir millətin kimliyi, ədəbiyyatı, mədəniyyəti onun dilindən başlayır. C.Heyət də  VII fəsildə əhatə etdiyi əsərlərini “Dilçilik” bölməsi ilə başlamışdır. Ana dilinin  insanın yetişməsi, inkişafındakı rolunu müəllif müxtəlif aspektdən araşdırır, lakin sonda onların hər birinin bir kökün üstündə rişə atan budaqlar kimi bağlılığı aydın görünür. İnsanlar arasında ünsiyyət vasitəsi olan dilin inkişafına təsir edən amillər, ailədə ana dilinin uşağın yetişməsindəki rolu, əhəmiyyəti, bir çox nəzəriyyələrin tədqiqi və müəllifin də özünün bunlara yanaşma tərzi dilşünas-alim nəzəriyyəsi, təcrübəsi ilə araşdırılmış, müqayisəli şəkildə işıqlandırılmışdır.

 

Müəllif insanın ailə və ətraf mühitlə ünsiyyətini, cəmiyyətdə, beynəlxalq aləmdə münasibətlərin təməlini təşkil edən canlı vasitənin qayda-qanunlarını öyrənmək, tədris etmək, nəzəri-metodoloji fikirlərini dilçi kimi təqdim etməkdən ötrü bir çox qaynaqlarda, məxəzlərdə araşdırmalar aparmış, fikirləri incələmiş və sonradan bu sahədə özünün yazdığı mükəmməl əsərlərini ortaya qoymuşdur. Türk dilinə sevgisi, təəssübkeşliyi ona belə bir faydalı, gərəkli işin məsuliyyətini anlatmışdır. Ana dilimizin gözəlliyi, şirinliyi haqqında ustad Şəhriyarın iki misrasına diqqət yönəltməyi araşdırmalarına bir ahəngdarlıq verir:

 

Türkün dili tək sevgili, istəkli dil olmaz,

 

Özgə dili qatsan bu əsil dil əsil olmaz.

 

C.Heyət dilçiliklə bağlı xeyli sayda çox gərəkli, faydalı əsərlər yazmışdır. Bu əsərlər müqayisəli, fərqli təhlil üsulları, nəzəri-təcrübi əsasları ilə məntiqi dəyərlərə tapınır. O, bütün araşdırmalarında dilşünasların ilkin tədqiqatlarına nəzər yetirmiş, nəzəriyyələrini açıqlamış və bunların qarışığında da öz elmi qənaətlərini fərqləndirmə mövqeyi ilə meydana çıxarmışdır. Dilçiliyin inkişafı mərhələsinə yeni baxışların qanunauyğunluqla tədqiq olunması qarşıda duran zərurətlərdəndir. Müəllif qeyd edir ki, tarixdə türk dillərinin təsnifi ilk dəfə olaraq m. 1072-ci ildə Kaşğarlı Mahmud tərəfindən aparılmışdır. Onun “Divani-lüğati-türk” əsərində türk ellərinin yerlərinə görə izahına diqqət yönəldir. Dilin səsə və sözə görə müqayisələrini göstərir.  Bundan sonra bir sıra dilçilərə məxsus olan təsnifatların (Rəşid Rəhməti Arat, Nikolas Pop, Dorfer, Tələt Tekin) işlənməsinə nəzər yetirir. Türkdilli xalqların ayrı-ayrılıqda dil və ləhcələrinin qruplar üzrə bölümünü aparır, səsin işlənmə yerinə görə mənalarını açır. Bütün bunlar bir zəncirin həlqəsində dəqiqlik, incəliklə aparılır.

 

Dahi Azərbaycan şairi Nizaminin “Xəmsə”sində türkcə sözləri seçib araşdırmazdan əvvəl İslam dünyasında şairin yaradıcılığını izləyərək ona nəzirələr yazan,  əsərlərinə yüksək dəyər verən sənətkarların fikirlərini açıqlayır. Müəllif yazır: “Vəhid Dəstgirdi deyir ki, mən Nizaminin əsərlərini yüz dəfədən artıq oxudum və hər dəfəsində Xosrovun, Leylinin ölüm tablolarını oxuyarkən ağladım (Vəhid Nizamini Səiddən yüksək görüb demişdir ki, Nizami əxlaq və paklıqda bütün dünya şairləri arasında təkdir. Onun əsərləridə bir tək çirkin söz yoxdur. Təmiz eşqin tərifində Firdovsidən də üstündür)” . Nizaminin həyat haqqında düşüncələrini, idealını, hər şeyi Tanrının varlığında görən “panteist meylli həkim”, ağılın gücünə inanan bir filosof, şair kimi çox dəqiq və yüksək dil mədəniyyətinə mənsub ifadələrlə xarakterizə edir. Və belə bir fikir də vurğulayır ki, Nizaminin xalq ədəbiyyatına təsiri olduğu kimi, ağız ədəbiyyatından faydalanması əsərlərinin əbədilik qazanmasına səbəb olmuşdur.

 

C.Heyət “Xəmsə”dəki türkcə sözləri, ifadələri izləməklə təhlil-müqayisəyə cəlb edir. Şairin əsərlərinin ruhuna gözəllik, dərin məna aşılayan ideyanı səlis, qüdrətli tərzdə səsləndirdiyi misraları bir zərrəbin dəqiqliyi ilə seçərək oxucunun diqqətinə çatdırır. Müəllifin aşağıdakı fikirlərinə nəzər yetirək: “... farsca yazan şairlərin heç biri türk sözləri, məfhumlarını Nizami qədər sevgi ilə, sitayişlə işlətməmiş və atalar sözlərindən onun qədər geniş faydalanmamışdır. Nizami “türk” sözünü bəzən həqiqi mənada, lakin çox yerlərdə məcazi mənalarda, məsələn: paklıq, gözəllik, yüksəklik, qüvvət simvolu adil, bilici, qorxmaz, cəngavər və qəhrəman mənasında işlətmişdir... İskəndərin “ağıl, tədbir və müdrikliyindən danışanda onu Rum börklü türk adlandırması”, bütünlükdə “Xəmsə”nin türkçülük ruhunu, xarakterini açır. Müəllifin gətirdiyi misallardan göründüyü kimi, qədim türk məsəllərindən qaynaqlanan müdrikanə atalar sözü bu əsərlərdə qədərincədir. C.Heyət bununla da filosof şairin yaradıcılığının türk dilinə, onun ağız ədəbiyyatına sənətkar bələdliyini fərqli bir mövqedən araşdırmış, dilçilik elminin inkişafında müstəsna əhəmiyyətini göstərmişdir.

 

C.Heyət eyni məhəbbətlə Azərbaycanın böyük şairi ustad Füzulinin dili, söz xəzinəsi ətrafında maraqlı araşdırma aparmışdır. Şairin əsərlərini xalqın başa düşəcəyi bir dildə yazdığını, həm “Şikayətnamə”nin öz dövründə “satirik nəsrin parlaq nümunəsi” kimi seçilməsi, həm də “Hədiqətüs-süəda”nın “ilk romantik nəsrin nümunəsi” olaraq şöhrət tapması heç şübhəsiz, Füzuli üslubunun, ədəbi məktəbinin günümüzəcən davam etməsinin səciyyəsini göstərir. Müəllif şairinin əsərlərinin dilini bir çox aspektdən araşdıraraq bu gün də dilimizdə işlətdiyimiz türk sözlərini, eləcə də Azərbaycan və Türkiyə türkcəsində işlənən ifadələri “Leyli və Məcnun”, “Bəngü Badə” əsərləri üzərində apardığı təhlillərlə diqqətə çatdırmışdır.  Məlumdur ki, Füzuli əsərlərində farsca və ərəbcədən alınma sözlər işlətmişdir. Müəllif şairin yaşadığı dövrü, məkanı və mühiti xatırlatmaqla bunun da öz qanunauyğunluğunu belə ifadə etmişdir: “Fars dili əsrlər boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi dili kimi işləndiyi üçün Azərbaycan, osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən, şeir və qəzəldə farsca estetik ifadələr bol işlənmişdir. Füzulinin ədəbi dili də bu qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca sözlər daha çox xalqına, xüsusən, ədəbi mühitə tanış sözlərdir”. Ərəb mənşəli sözlərin işlədilməsilə əlaqədar zəruri tələbləri nəzərə alan müəllifin aşağıdakı fikirləri maraqlıdır: “Ərəb dili “Quran” dili olduğu üçün müsəlman türklərin müqəddəs dili olmuşdur. Bu dildə olan dini, fəlsəfi sözlər bütün müsəlmanların dillərinə keçmiş və bu istilahların çoxu müsəlman xalqları tərəfindən mənimsənilmişdir. Buna görə də islamı qəbul edən türklər, farslar və sair xalqların dil və ədəbiyyatlarında ərəbcə sözlər az-çox məna dəyişikliklərinə uğramış və bu dillər arasında ortaq sözləri təşkil etmişdir. Bundan əlavə, Füzulinin yaşadığı yerlərdə (Kərbəla, Nəcəf və Bağdad) hakim dil ərəbcə olmuş və buralarda yaşayan türklər də ərəbcəyə bələd olduqları üçün Füzulinin işlətdiyi ərəbcə sözlər heç də qeyri-təbii görünmür”. Və sonda xalqa tanış olmayan ərəbcə sözlərdən nümunələr gətirir ki, bunlar da müəllifin tədqiq etdiyi mövzuya dərindən bələd olmasının göstəricisidir.

 

Artıq bir qərinəyə yaxındır ki, İranda nəşr olunan “Varlıq” jurnalı Türk dünyasında türkçülük ruhunun möhtəşəmliyini, varlığını yaşadan ədəbi-mədəni abidələr sırasındadır. Onu Cavad Heyətin övladı da hesab etmək olar. Ən başlıcası ona görə ki, alimin dünyaya gətirdiyi bu jurnalın həyatında türkün ədəbi-tarixi mühiti yaşayır. Onun Türk dilinin, mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan çox sayda əsərləri məhz bu jurnalın səhifələrində əks-səda verib...

 

Kitabın “Ədəbiyyatşünaslıq” fəslinə diqqət edəndə burda xeyli sayda ədəbi-tarixi şəxsiyyətlərin adlarını gördüm, bu adların işığında böyük dövrün ədəbi-mədəni hadisəsi olan əsərlərindəki ecazı duydum. Kimdi bu şəxsiyyətlər?  “Sərvəti-fünun” yaradıcısı Tofiq Fikrət, ustad Şəhriyar, Saib Təbrizi, Mövlana Cəlaləddin Rumi, Mehmet Akif, Məhəmməd Əmani, Mahmud Kaşğarlı, Yunus Əmrə, Almaz İldırım, Mürtəza Quluxan, Füzuli, Nəvai, Məhəmməd Əmin Rəsulzadə. Eləcə də “Türkiyə ədəbiyyatı”, “Mərsiyə ədəbiyyatı”, “XX əsrdə Güney Azərbaycan ədəbiyyatı”, “Dədə Qorqud kitabı” kimi böyük mündəricəli əsərlər C.Heyətin böyük bir dövrün Azərbaycan ədəbiyyatı, onun olməz ədəbi abidələri ətrafında möhtəşəm araşdırmalarından xəbər verir.

 

C.Heyətini əsərlərinin ilk özəlliyi onun dəqiq faktlara malikliyi və çoxməlumatlı olması ilə maraq doğurur. O, haqqında bəhs açdığı sənətkarı ədəbi mühiti, bu mühitin cərəyanları, məktəbləri əhatəsində öyrənərək təhlil edir, hər birinin parlaq obrazını yaradır. Bu mənada oxucuda rəngarəng  təəssürat yaradan Tofiq Fikrətin həyat və yaradıcılığını maraqlı bir formada təqdim edir, ədəbi irsinin mahiyyətini, şairin ruhunu, zəmanəsinin zülmü, istibdadı ilə barışmazlığını duyaraqdan tədqiq edir. Şeirlərinin ruhunu müəllifin öz əhvali-ruhiyyəsi ilə bağlılığını ustalıqla açır. “Halukun dəftəri” əsərinin xarakterini açan müəllif yazır: “Fikrətə görə, insan hər şeyə gücü çatan bir varlıqdır, hətta “Rabb-i mümkünat”dır. “Bir gün fənn (texnologiya) bu qara torpağı altın edəcəkdir”. Bunun üçün iradə və mücadilə lazımdır. Vətənin qurtuluşu da insanlığın qurtuluşuna bağlı olduğuna görə, milləti bəşəriyyətdən ayırmağa imkan yoxdur. Tofiq Fikrət insanpərvərliyi və insanlıq dərdlərini türk şeirində ən yaxşı tərənnüm edən şairlərdəndir” . Müəllif onun şeirlərində nəsr ahəngini duymuş, musiqi ahənginin daha güclü olmasını təbiətin səsi ilə, “yağış damcılarının pəncərələrə və şüşələrə dəyməsindən çıxan səs”in yaratdığı ecazla əlaqələndirmişdir.

 

C.Heyətin sənətkarı, ümumiyyətlə insanı duymaq hissi, onu özünəxas xüsusuyyətləri ilə dəyərləndirmək səriştəsi yetərincə heyrətamizdir. Görün, ustad Şəhriyarın sənəti ilə şəxsiyyəti arasındakı vəhdəti necə ifadə edir: “Şəhriyar bizim üçün bir çıraq idi. İşığına yığışırdıq. Şəhriyar müasir dövrün poeziya günəşi idi. Şüalarından mənəvi qida alırdıq. Şəhriyar tarixdə yeganə sənətkar idi ki, iki dildə şah əsər yaratmışdı. Sənət korifeyləri Bahar Şirvani dörd, Füzuli üç dildə yazıb-yaradıb. Amma şah əsərləri bir dildə yazılıb. Şəhriyarın “Fars divanı” da şah əsərdir, “Heydərbabaya salam”ı da. Şəhriyyar bir şəxsiyyət kimi çox inamlı, əqidəli, vətənpərvər insan idi. Əslində o, həm əsl iranlı idi, həm də əsl azərbaycanlı. İçində boğulduğu məhrumiyyət və ehtiyac heç vaxt onun dağ qürurunu qırmamışdı. O, sadə dərviş həyatı keçirirdi. Adi insanlardan zəkası, təfəkkürü üstün olsa da, özünü onlardan ayırmırdı...” “Tehranda və Təbrizdə ustad Şəhriyarı ağırlama qurultayı” məqaləsində isə C.Heyət şairin anımı, təqdiri ilə bağlı keçirilən qurultayın işindən, o məclisdə dövlət və ədəbiyyat-sənət adamlarının Şəhriyar  yaradıcılığına verdiyi  dəyərdən bəhs etmişdir. Müəllif qurultay günlərinin ədəbi-mədəni mənzərəsini əvvəldən axıradək ədəbi məftunluqla izləmişdir. Ustadın cismani yoxluğu C.Heyəti həmin günlər qubarlandırmış, ürəyindən belə bir həsrətin nisgili ötmüşdür: “Könül belə istəyir ki, bu gün kaş ki, Şəhriyar sağ olaydı və özünün bu təntənəli ağırlama və uğurlama günlərində ürəyində və şeirində arzuladığı günlərin həqiqi olduğunu görsəydi...”

 

Cavad Heyətin bütün mövzuları türkçülüyün yaranması, təşəkkülü tarixindən başlamış, görkəmli sənətkarların şəxsiyyətinə böyük sayqısından yaranıb. Mirzə Məhəmməd Saib Təbrizinin həyatı, ədəbi irsi, fars və türk dillərində yazdığı əsərlərinə ədəbiyyatşünas nəzərləri ilə diqqət yetirməsi, “fars qəzəlinin sonuncu ustadı kimi tanınması”, dövrün ictimai ağrılarını beytlərində böyük sənətkarlıqla açması da onun şəxsiyyətinə və yaradıcılığına vurğunluqdan qaynaqlanıb. Saib Təbrizi yaradıcılığından təsirlənən Nabi, Naili, Nişati, Şeyx Qabilin təkcə adlarını çəkməklə kifayətlənməyən müəllif, onların dövrünə, ədəbi mühitinə qısa, lakin dolğun şəkildə işıq çiləmiş, əsərlərindən nümunələr vermişdir. Bu şairlərin həyatının maraqlı məqamları, əsərlərinin məzmunu, ideyası, ədəbiyyat tarixindəki mövqeyi araşdırılmışdır. Başqa sözlə, müəllif mövzunun içində yeni bir mövzuya yol açaraq maraqlı faktlar aşkarlamış, oxucuda zəngin təəssürat yaratmağa nail olmuşdur.

 

İstər “Türkiyə ədəbiyyatı”, istərsə də “Mərsiyə ədəbiyyatı” məqalələrini oxuyanda müəllifin kitaba yazdığı “Bir neçə söz”ündəki “Bu məqalələri Arazın şimalında yaşayan bacı-qardaşlarımızın oxumaları həm lazım, həm də faydalıdır. Bu məqalələrdəki mətləbləri başqa mənbələrdə tapa bilməzlər” fikrini xatırladım. Adlarını çəkdiyim məqalələrlə tanış olduqda doktorun nə qədər haqlı olduğunu gördüm. XIII əsrdən başlayaraq XX əsrin ortalarınadək ədəbiyyatın keçdiyi yol, dil və mədəniyyətinin inkişafı (“Divan”dan başlamış romanadək),  görkəmli sənətkarlar haqqında, onların şəxsiyyəti, əsərləri, ədəbi-nəzəri düşüncələri ilə bağlı ilkin və maraqlı məlumatlar müəllifin böyük zəhməti və səyi, ciddi mütaliəsi nəticəsində meydana gəlmişdir. Bu məqalədə haqqında bəhs olunmuş şairlərin ədəbi irsinin xarakterik xüsusiyyətləri, əsərlərinin məzmun və mahiyyətindən, ideyasından doğan məntiqi təhlil və təriflər ilə zəngindir. Bunlar onu göstərir ki, C.Heyət ömrünün böyük payını dünyanın məşhur kitabxanalarında, arxivlərində keçirmiş, ədəbiyyatımızın təşəkkülü dövründən başlamış, günümüzəcən bir çox sənətkarlar haqqında, eləcə də dövrlərin xarakteri ilə bağlı çox qiymətli məlumatlar toplamışdır. C.Heyət Nizaməddin Məhəmməd Tufarqanlı, Seyyid Fəttah Mərağeyi, Hacı Xudaverdi, Dəxil Mərağeyi, Məhəmmədəmin Dilsuz, Mirzə Məhəmmədtəqi Qumri, Molla Məhəmməd Naxçıvani, Safi Təbrizi, Hacı Rza Sərraf kimi şairlərin haqqında mükəmməl bilgi verəndən sonra bu şairlərin də Kərbəla faciəsi mövzusunda yazdıqları əsərlərə ayrı-ayrılıqda diqqət yetirmiş, şeirlərinin ideya-məzmununu açıqlamış, dil xüsusiyyətləri barədə fikirlər söyləmiş və hər birinin əsərindən parçalar səsləndirmişdir. Bu əsərləri və onların müəllifləri haqqında ən qiymətli məlumatları özündə ehtiva etdiyindən doktorun haqqında bəhs açdığımız belə dəyərli yazısını gələcək tədqiqatlar üçün səhih mənbə hesab etmək olar.

 

C.Heyət Azərbaycan və Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən bir çoxu haqqında məqalələr yazarkən onların hər birinin həyat yolunu, yaradıcılığını, şəxsiyyətin xarakterini, əsərlərinin ideya-nəzəri görüşlərini, fərqli, səciyyəvi xüsusiyyətlərini yetərincə dolğun şəkildə təqdim edib. Bu mənada XX əsrin görkəmli şairlərindən olan Akif Mehmet haqqında yazı da şairin özəlliklərlə zəngin həyat yolunun inadkar bir şövqlə araşdırılıb ərsəyə gətirilməsi, onu qəlbən duyması baxımından diqqəti cəlb edir. Bu duyum və təhlilin ifadəliliyi o qədər aydın və zəngindir ki, bunlar şairi dərindən tanımağa, dərk etməyə yetir, həm də ədəbi yaddaşa öz ziyasını salır.

 

Məhəmməd Əmani kimdir, hansı dövrdə yaşayıb, o, əsərlərində nə kimi fikirlər ifadə edib? O, mövzuyla bağlı araşdırdığı mənbələri düşüncəsində cilalayarkən M.Əmaninin divanı haqqında ilk dəfə XIX əsrdə ingilis alimi C.Riyönün məlumat verdiyini açıqlayır. Bundan sonra böyük qədirdanlıqla bu sahədə tədqiqat aparan, əsərlərini təhlil edən və onu “orta əsr realist şeirinin nümayəndəsi kimi qiymətləndirən” görkəmli ədəbiyyatşünas-alim Həmid Araslının, şeir məcmuəsinin nəşrinə rəvac verən Əliyar Səfərlinin zəhmətini dəyərləndirir. Müəllif yazır: “Əmani mənzum hekayəni mənzumənin tərkibindən ayırıb müstəqil bir ədəbi növə çevirmişdir. Onun mənzum hekayələri satirik və güldürücü məzmunu və obraz (personaj) çeşidliyinə görə diqqəti cəlb edir. Həyat həqiqətinə sadiq qalan şair öz hekayələrini inandırıcı, təbii və sadə əhvalatlar üzərində qurur. Onun hekayə qəhrəmanları keçilməz yollardan keçmir, ideal səviyyəsinə yüksəlməyə meyl göstərmir, əksinə, həyati simaları ilə diqqəti cəlb edir”. Göründüyü kimi C.Heyət Əmaninin əsərlərini dərindən öyrənərək, onun ətrafnda aparılan araşdırmalarla tanış olmuş, sənətkarın Azərbaycan ədəbiyyatındakı mövqeyini qiymətləndirmişdir.

 

Mahmud Kaşğarlının “Divani-lüğati-türk” əsərində diqqəti çəkən ən mühüm cəhət isə bu möhtəşəm əsərin milli təəssübkeşlik hissindən doğan böyük bir məhəbbətlə tədqiq olunmasıdır. M.Kaşğarlının özünün kitabın təqdimində yazdığı fikirlərlə tanış olanda bir türk olaraq qürur hissi keçirməyə bilmirsən. Oxuyuruq: “Xudavənd yer üzündə qüdrəti türklərə bəxş etmişdir və buna görə onların dilinin öyrənilməsi faydalıdır. Bu kitabı türk dilinin öyrənilməsi üçün ərəblərə yazdım”. C.Heyət sənətkarın doğulduğu Kaşğarın Qaraxani türklərinin mədəniyyət mərkəzi olmasını, onun bir səyyah kimi müsəlman ölkələrini gəzməsni, elə bu səyahətlərdə də türklərin yaşayış tərzini, adət-ənənələrini öyrənməsini tərcümeyi-halının  araşdırılması fonunda tədqiq etmişdir. Sonda müəllif əsəri belə dəyərləndirir: “Divani-lüğati-türk” əslində qədim türk dili və mədəniyyətinin ensiklopediyasıdır və dünya türkoloqları üçün türk və türkşünaslıq haqqında ən qiymətli və mühüm mənbədir. Bu kitab türk ləhcələrinin tarixi tədqiqi baxımından bənzərsiz əsərdir. Kaşğarlı türk ləhcələrinin müqayisəli tədqiqi ilə 900 il əvvəl müqayisəli türkologiya məktəbinin bünövrəsini qoymuşdur. Bu münasibətlə “yeni türkologiyanın atası” adını almış V.Radlov “Divani-lüğati-türk” əsərinin müəllifi Mahmud Kaşğarlını “türkologiyanın atası” adlandırmışdır”.

 

“Yunus Əmrəyə umumi bir baxış” özünün dərinliyi, səciyyəsi ilə orijinaldır. C.Heyət onun haqqında apardığı araşdırmanı sistemli, həm də dolğun şəkildə ortaya qoyub.  Bu araşdırmada Y.Əmrənin yaradıcılığına, ədəbi görüşlərinə, həyata baxışlarına yüksək əxlaqi dəyərlər, ictimai həqiqətlər prizmasından bir baxış duyulur. Müəllif şairin düşüncələrinin “üç məfhumun, “Tanrı, insan, məhəbbət” üzərində qurulduğunu göstərir. Y.Əmrə yaradıcılığının güc mənbəyi də müəllifin qeyd etdiyi kim, Tanrı eşqidir. Şairin təmiz türkcə, əsasən xalqa müraciətlə yazdığı şeirlərinə münasibətini lakonik, eyni zamanda zəngin və sərrast fikirlərlə ifadə edib. Onun ictimai-ədəbi mühitinə, xalqın güzəranına, ağrı-acılarına, şeirə, sənətə baxışlarına aydınlıq gətirib. Bu yazıya güclü təhlil-təhkiyə hakim olduğu kumi, həm də Y.Əmrənin böyük obrazı özünün incə və dolğun ştrixlərilə yaradılıb. Bu düşüncələr C.Heyətin şairin yaradıcılığına ruhən bağlılığından, həm də Y.Əmrə şəxsiyyətinə böyük səcdədən, məhəbbətdən qaynaqlanıb. Və bütün bunlar şairi böyük həssaslıqla duymaqdan yaranıb. Bu da şairin bağrından qopan ağiqliyinin təcəssümü:

 

Eşqin aldı bəndən bəni,

 

Bana səni gərək, səni.

 

Bən yanaram dünü günü,

 

Bana səni gərək, səni.

 

C.Heyət bu və ya digər formada mütəmadi olaraq Azərbaycan ədəbiyyatını arşdırır, görkəmli şəxsiyyətlərin həyatına,  böyük ideyalarla zəngin yaradıcılığına ədəbi nəzər yetirir. Bununla da ədəbiyyatşünaslığa zaman-zaman öz töhfəsini verir. “XX əsrdə güney Azərbaycan ədəbiyyatı” da dərin araşdırmaların, ciddi faktların ortaya qoyulması ilə diqqəti cəlb edir. Müəllif bu araşdırmasını dövrlər üzrə qruplaşdırır. Bu da söz-sənət adamlarının öz zamanında tanınması, mövzularının, həyata baxışlarının öyrənilməsi, ədəbi yaddaşa köçürülməsi anlamında xüsusi əhəmiyyət kəsb edir. C.Heyət istər hansısa dövrün ədəbiyyatına ümumi baxışlarında, istərsə də haqqında ayrıca bəhs açdığı şairin həyatına, nəzəri görüşlərinə diqqət edərkən, sənətkarların əsərlərində ifadə olunmuş başlıca xüsusiyyətləri göstərməklə həyata baxışlarını işıqlandırmağa çalışmışdır. Müəllif quzey Azərbaycanında baş verən siyasi hadisələrin, azadlıq dalğasının güneydə məşrutə inqilabına səbəb olduğunu qeyd edir. Eləcə də məşrutə inqilabına ədəbi baxımdan daha çox Sabirin şeirlərinin və C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının təsiri olduğunu bildirir. Bu bölmədə bir sıra şairlərin dili, əsərlərinin mövzusu, mənəvi-ictimai problemləri haqqında yığcam şəkildə təsəvvür yaratsa da, bunlar əslində XX əsr güney Azərbaycan ədəbiyyatı, onun yaradıcılıarı haqqında bütöv təsir bağışlayır. Yəni Şəbüstərli Möcüz, Həddad, Marağalı Kərimi, Etimad, Sahir, Şəhriyar, Məhəmməd Əli Məhzun, Səhənd, Baxçaban kimi aydınların timsalında XX əsr güney ədəbiyyatı hər cür yasaqlara baxmayaraq həmin dövr ədəbiyyatının parlaq mənzərəsini yaratmış olur. Böyük mütəfəkkir hələ də anadilli ədəbiyyatımızın inkişafındakı ləngimələrdən narahatlığını bildirir. O, məqalənin sonunda yazır: “Aydınlarımızın bir çoxu öz ana dillərindən qafil qalmış, onun zənginliyindən və ədəbiyyatımızın əzəmətindən bixəbərdirlər. Yarım əsrdən çox bir müddətdə mədəni haqlarından məhrum qalan bir xalqdan bundan artıq gözləmək doğru olmaz. Biz indi mədəni məhrumiyyətlərin buraxdığı müşküllərə qarşı durmağa çalışırıq...”

 

“Almaz İldırımın şeirlər məcmuəsi”ndə şairin ruhunu duyan müəllif, şeirlərindən vətən həsrəti, vətənçilik, vətən məhəbbəti süzülən duyğuları pərdə-pərdə açır. Müəllif onun vətənindən, dostlarından umacaqlarını, sızıltılarını, uzaqlarda qalan vətənin yollarına dikilən baxışlarını, azadlıq havasına çırpınan ürəyini, bu ürəyin yaratdıqlarını yalnız bir ədəbiyyatşünas kimi deyil, həm də vətənpərvər, insanpərvər bir türk olaraq tədqiq edir. Şairin hali-pərişan həyatını müəllif belə qələmə alıb: “Almaz İldırım özünü “türk oğlu türk” bildiyi halda, Türkiyədə də qürbət hissi ilə yaşayır və bütün ömrünü ana yurdu Azərbaycan və doğma elinin həsrəti ilə keçirir. Çünki şair vətənini qızıl rusların işğalında və millətini də bolşevik rusların boyunduruğu altında görür. Həm də ana yurdunun ətrafını dəmir pərdə sardığı üçün oraya əli çatmır, vətən həsrəti, el eşqi ilə yanır, alovlanır və bu yanğını, atəşli duyğularını şeirlərinə tökür”

 

Məlumdur ki, XVI əsrdə qələmə alınmış möhtəşəm “Dədə Qorqud”  dastanı ətrafında çox maraqlı tədqiqatlar aparılmışdır. Və zamanında bunlar ictimai-ədəbi fikrin diqqətini cəlb etmiş, müzakirə və təhlil obyekti olmuşdur. C.Heyət də səksəninci illərdə “Varlıq”da “Dədə Qorqud kitabı”. Ölməz söz xəzinəmizdən incilər” adlı məqaləylə çıxış edib. Dastan haqqında müəllifin maraqlı məlumatları oxucuda yeni, həm də zəngin təəssürat oyadır. O, dastanın türkdilli xalqlar arasında məhz Azərbaycan və Şərqi Anadolu dilinə yaxınlığını, mənsubluğunu qeyd edir. Müəllif dastanda türk sözlərini arayıb-seçib, maraqlı bir qruplaşdırma aparıb. Şimali və cənubi Azərbaycanda bu gün də işlədilən, yaxud unudulan sözləri, az da olsa fars, ərəb mənşəli sözləri ayırıb təqdim edib. Müəllifin seçib-ayırdığı xeyli sözlərlə tanış olanda gözlərimin qarşısında dədəmiz Qorqudun uca, əzəmətli varlığı canlanır, qulağıma cəng səsi, igidlərimizin at çapıb, qılınc oynatması, Qaraca çobanın nərəsi gəlir. Bu sözlər  bizə ulularımızın yaşam tərzindən, mərdliyindən, qəhrəmanlığından xəbər verir. Bu gün bunları bizə təzə-tər nəfəsdə xatırladan, qəlbimizi iftixar hissilə dolduran, böyük dilçi, ədəbiyyatşünas Cavad Heyətdir.

 

C.Heyətin bir tədqiqatçı kimi təcrübəsi və səriştəsi ondadır ki, o  ilk dəfə tədqiq olunan mövzu ilə bağlı böyük kitabxanalarda, institutlarda axtarışlar aparır, sənətkarın dövrünü, müasirlərini tədqiq edir. Bu sahədə az-çox yazılmış tədqiqat əsərləri ilə ətraflı tanış olur, zəngin məlumatlar toplayır. Mövzunu dərindən-dərinə öyrənəndən sonra tədqiq edir. “Füzulinin ədəbi təsiri və təəssürü” əsəri də şair haqqında aparılmış tədqiqatlar, yazılmış saysız əsərlər içərisində mövzuya yanaşma tərzi, özgür baxışları ilə fərqlənir. Məlumdur ki, hər bir sənətkar özündən əvvəl yaşamış ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı ilə tanış olur və müəyyən mənada onların təsiri altında əsərlər yazır. Müəllif araşdırmalarına əsasən qeyd edir ki, Füzuliyə təsir edən Cami, Hafiz, Nizami, Hatifi, Səlman və Katibi içərisində o, daha çox Nəvaininin təsiri altında özünün ölməz əsərlərini yazmışdır.

 

  Müəllif bu istiqamətdə tədqiqatını dərinləşdirərək ustadın özünün təsirləndiyi, eləcə də Füzulidən  təsirlənib ona nəzirələr yazan şairlərin də yaradıcılığında aşkarladığı nümunələrdə müqayisəli təhlillər aparır. Burada Füzulinin zamanında əsərlərinin türkdilli xalqlar arasında sevilməsi, Azərbaycan və Anadolu şairlərinə təsiri əhatəli şəkildə öyrənilmiş, bir çox şairlərin şeirlərindən gətirilən parçalarda təqdim edilmişdir. Bu araşdırmalardan müəllif aydınlaşdırmışdır ki, Azərbaycan şairləri arasında nəzirə yazmaq Füzuli ilə başlamış və XIX əsrin ikinci yarısında dəb halına gəlmişdir.

 

Məlumdur ki, tədqiqat xarakterli yazılar üçün başlıca meyar hər hansı bir sənətkarı tədqiq edərkən onu öz dövrünün ictimai-sosial vəziyyəti, mənəvi-əxlaqi, ədəbi mühiti içərisində öyrənib tədqiq etməkdir. Bu mənada C.Heyətin “Nəvai” əsəri şairin həyatı, ədəbi mühiti haqqında xarakterik xüsusiyyətləri, zəngin yaradıcılıq yolunu özündə ehtiva etməsi ilə maraq doğurur. Bəlkə də Nəvainin həyatının çox maraqlı məqamları, onu yetişdirən mühiti, türk dili və mədəniyyətinin inkişafındakı rolu, bütünlükdə ədəbi-ictimai taleyinə baxışları məhz C.Heyətin təqdimatında ətraflı öyrənmək mümkündür. Müəllif bu yazıda Nəvainin böyüklüyünü, xarakterini açır. Əsərlərinin yazılma tarixini, dövrünün ədəbi mühitini işıqlandırır. C.Heyət Nəvainin iyirmi iki əsərdən ibarət külliyatını, beş kitabını (“Xəmsə”si) və dörd kitabda təşəkkül tapmış divanının adlarını açıqlamış, yaşına görə illərini sıralamış, Nəvai dilinin ifadə xüsusiyyətlərini təhlilə cəlb etmişdir. Nəvainin əsərlərinin yaxşı başa düşülməsi üçün müxtəlif zamanlarda görkəmli şəxsiyyətlər tərəfindən lüğət kitablarının yazıldığnı, “Xəmsə”dəki dastanlara, “Lisanüt-teyr-ə” Kamaləddin Behzad və şagirdləri tərəfindən tablolar çəkildiyini, haşiyələrində gözəl nəstəliq xətti ilə tablolara aid şeirlər həkk olunduğunu göstərir. Onların əslinin Oksford Universitetinin Bodlian kitabxanasında saxlanılması haqqında məlumatlar da C.Heyətin ciddi araşdırmaları sayəsində üzə çıxarılmışdır. Tədqiqatçının onun yaradıcılığı ilə bağlı söylədiyi bütün fikirləri maraqlıdır. Çünki onlar ümumilikdən kənar, məhz mütəfəkkirin öz əsərlərinin ifa etdiyi müdrikanə kəlamlarından süzülən məna-dəyərlərdir. Burada müəllifin bir yanaşmasına nəzər yetirmək də zəruridir: “Nəvai qələmini cəmiyyətin islah və tərəqqisi üçün işlətmiş, həmişə millətini düşünərək xalqı üçün yazmışdır. Gənclik illərinə aid əsərlərində onun şəxsi duyğu və yanğılarını görmək mümkünsə də, kamillik çağına gələndən sonra həmişə xalqının dərdlərini duymağa və onları yazmağa başlamışdır. Onun dərdləri cəmiyyətin dərdləri, sevinci xalqın sevinci olmuşdur”.

 

C.Heyətin yaradıcılıq axtarışları təkcə müxtəlif dövrlərin əbəbi mühitinin yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatının, yaradıcılıq yolunun tədqiq olunması, öyrənilməsi ilə məhdudlaşmır O, Azərbaycan xalqının müstəqilliyi, işıqlı gələcəyi uğrunda çarpışan siyasi xadimlərin də taleyinə işıq salır. Elə  “Məhəmməd Əmin Rəsulzadə” yazısında da müəllif görkəmli ictimai xadimin mübarizələr dolu çətin, məşəqqətli keçən ömrü, Vətəninin azadlığı, millətinin müstəqilliyi yolundakı çarpışmaları,  ədəbi-publisist yaradıcılığı, bu böyük şəxsiyyətin məfkurəsi ətrafında ciddi araşdırmalar aparmış, ortaya yetərincə bitkin bir əsər qoymuşdur. Bu əsərin panaramında o dövrün ictimai-siyasi hadisələri bütün aydınlığı ilə görünür. Burada müəllif M.Ə.Rəsulzadəni yaxşı tanıyan əqidə dostlarının da vaxtilə yazdıqlarına yer verir. Bu sıradan dostu, məsləkdaşı Tağızadənin xatirəsi illərin bizdən uzaqlaşdırdığı bu tarixi şəxsiyyəti daha yaxşı tanımağa yol açır: “Rəsulzadə öz siyasi və milli inamlarında təsəvvürün fövqündə dönməz və möhkəm idi. Şəxsi əxlaqı cəhətdən düzlük, vicdan, etidal və mətanətin timsalı və örnəyi idi. O, həyatında bir kəlmə yalan söyləməmiş, mütləq doğruluqdan ayrılmamış və danışıqlarında mübaliğə etməmiş və etidalını əldən verməmişdir. O, dünyada baş verən hadisə və cərəyanları bilirdi. Mahir bir yazıçı idi. Ondakı iman və ifadə qüdrəti heyranedici idi. Onu tanıdığımdan, müasiri və ona yoldaşdan da yaxın olub əxlaqına məftun olduğumdan çox məmnunam. Onun kimi dövlət adamları olan millət xoşbəxtdir”.

 

 

 

C.Heyət gündən-günə çiçəklənən, inkişaf edən ölkəmizin tarixi inkişafına sevinən bir ziyalıdır. O həm də Quzey Azərbaycanın dərdlərini, ağrı-acılarını öz dərdi bilir. Azərbaycanın başının üstünü qara buludlar alanda, üzdəniraq qonşular torpaqlarımızın bir hissəsini işğal edəndə onun da ürəyi buna dözməmiş, çarələr axtarmışdır. Bu məqamda Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirələ ürək ağrısı, can yanğısı ilə yazdığı məktub uzun zaman unudulmamış, oxuyanların qəlbini sarmışdı. M.Heyətin dediyi kimi, göz yaşları və ürək ağrısı ilə yazılan bu məktubu həqiqətən ağlamadan oxumaq mümkün deyildir. Bu sətirləri yaza-yaza qulağıma  doktorun hıçqırıqlar içərisində dediyi sözlər gəlir: “Bu müsəlman, silahsız, ordusuz və əsarətdən yeni çıxmış qardaşlarımızı yalnızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların  yurdlarına həyasızcasına hücumlarına və qadın-kişi, yaşlıları və körpələri acımadan öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa və nəhayət, insanlığa yaraşarmı? Bu, bizim şanlı tariximizə sığarmı?”. Bu, türk oğlunun, doktor, dilçi-ədəbiyyatşünas Cavad Heyətin yağı basqılarına qarşı etiraz səsi, harayıydı...

 

 

 

 

 

lll

 

 

 

Tarixin dərin qatlarına nüfuz etmək, ona doğru, ədalətli mövqedən yanaşmaq, təbii ki, tədqiqatın sanbalının əsas göstəricisidir. “Oğuzlar”ın “Ön söz”ündə müəllif səmimiyyətlə bu mövzuda yazmağa hazırlıqdan başladığını bildirir: “Bu məqalənin müəllifi olaraq türklərin tarixini fars, türk, fransız və ingilis dillərində olan müxtəlif mənbələrdən mütaliə etdikdən sonra, türklər haqqında son qeydləri yazdım və qərara aldım ki, “Varlıq” jurnalında bir neçə məqalə şəklində nəşr edim. Bu məqalədə yazılanların hamısı mötəbər tarixi mənbələrə istinad edir”.

 

 

 

Hər şeydən əvvəl qeyd etməliyik ki, bu yazıda müəllif tarixlə ədəbiyyatşünaslığı birləşdirib. Yəni mövzu onu iki sahədə araşdırmalara, müqayisələrə cəlb edib. Doktor nəcib məqsədinə bu xalqın ilk məskənindən başlayaraq onun yaratdığı imperiyalar, onların adları, yaşayış yerləri, bölgələri və bu bölgələrdə türklərin qəbilələri, dini və bu istiqamətdə türk xalqlarının köklü varlığı ətrafında çox ciddi araşdırmaları üzə çıxardıb. Bütün bunları 5 fəsildə əhatə edən müəllif türklərin tarixi dönəmləri barədə mötəbər mənbələrdən əxz etdiyi məlumatlarla Oğuzların yaranış tarixini, müxtəlif dövrlərdə inkişaf mərhələlərini ardıcıllıqla işıqlandırır.

 

 

 

C.Heyət tarixi ardıcıllıqla oğuzların bir dövlət kimi təşəkkülündən sonra onların həyatında baş verən dəyişikliyi, müharibələr, hücumlar nəticəsində məskənlər dəyişməsi, hökmdarların sərkərdəliyi ilə Türkiyədən İrana gəlmələri və qurduqları dövlətlərininin tarixi mənzərəsini yaratmaqla yaddaşımızda gəzişmələr edir. “Oğuz” sözünün mənşəyi onların həyat tərzi ilə bağlı fikirləri, varlıqlarının təşəkkülü, Yenisey, Orxon kitabələrinin tapılması tədqiqatçı səyləri nəticəsində mükəmməl şəkildə işlənilib. Bu məqalələrdə müəllif hökmdarların adları, sücaətləri, fəthləri, xarakterləri ilə bağlı çox maraqlı hadisələrdən bəhs açır. Onların ədəbiyyata, mədəniyyətə marağı məsələlərinə işıq salır. Məscid, mədrəsə, məqbərə və karvansara memarlığının bünövrəsinin məhz Səlcuq sultanları zamanında qoyulmasını xatırladır, hətta bu tikililərin xarici görünüşünü təsvir edir. Səlcuqilər dövrü memarlığının inkişafı, İsfəhan, Qolpayeqan, Qəzvin və Heydəriyyə, Zəvarə, Ərdestan cümə məscidlərinin inşası, Reydə Toğrul bəyin, Mərvdə Sultan Səncərin, Sərxəsdə Əbül-Fəzlin məqbərələrinin tikilməsi, eləcə də Nişabur, Bağdad, Tus, İsfəhan, Herat, Bəlx mədrəsələri ilə yanaşı digər mədəni abidələrin tarıxi mənbələr əsasında meydana çıxarması həmin dövrün ədəbi-mədəni mənzərəsi ilə tanış olmağımıza imkan yaradır.

 

 

 

 

 

lll

 

 

 

C.Heyətin bütün əsərlərində ümumi bir ideya, Türkçülüyün yaranması, yaşayış məskənlərinin, əsrlər içərisində mübarizələr tarixinin, eləcə də dilinin, ədəbiyyatının, mədəniyyətinin böyük şəxsiyyətlərin timsalında öyrənilməsi, təqdir olunması, milli təəssübkeşlik hissi və bütün bunların gələcək nəslin yaddaşına ötürülməsi məsələləri ifadə olunur. Elə “Polemika” fəslində “Cavad Heyət nədə ittiham olunur?” məqaləsinin başlıca mövzusu ustadın əzəli-əbədi mövqeyinə, amalına qarşı bədniyyətli bir şəxsin, İranda yaşayan Türkiyə vətəndaşı Məhəmməd Sübhandağlının sərsəm fikirlərini alt-üst edən, tarix elmləri doktoru, professor Şövkət Tağıyeva və iqtisad elmləri namizədi Əkrəm Rəhimoğlunun cavabından ibarətdir. Məqalənin yazılmasına səbəb müəlliflərin qeyd etdiyi kimi, “Türkiyə prezidenti Süleyman Dəmirəl Tehrana gələrkən Qarabağ olayları ilə bağlı Cavad Heyətin məktubla ona müraciəti, Azərbaycanın bu ağır günündə ondan daha artıq yardım göstərməsini xahiş etməsidir”. Bəli, M.Sübhandağlını qərəz, itttiham, kin-küdurət dolu yazı yazmağa vadar edən də C.Heyətin qardaş Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliyindən, torpaqlarının 20 faizinin işğal altında qalması, 1 milyondan artıq qaçqınının ev-eşiklərindən didərgin salınması ağrılarını Türkiyənin o zamankı dövlət başçısı, siyasi xadimi ilə bölüşməsi, ondan daha böyük yardım umması səbəb olmuşdur. Müəlliflər M.Sübhandağlının doktorun fikirlərini təhrif etdiyini açıqlayır, ittihamlarına, cavab verir, düşmən dəyirmanına çaylar axıdan qızışdırıcı mövqeyini pisləyir. Bu polemik düşüncələr C.Heyətin milli varlığımıza sözü, əməli ilə bağlılığının bariz nümunəsidir.

 

 

 

“Əhməd Kəsrəvinin İranda türk dili” və “Azəri, yaxud Azərbaycanın qədim dili” kitabları haqqında, “İran və türklər sasanilər dövründə” kitabı haqqında bir neçə qeyd”, “Fars dilini qoruyaq, lakin İranın türk və ərəblərinin də ana dilini əzməyək”, “Fars dili – iranlı qövmiyyətinin böyük əlaməti” adlı məqalə haqqında bir neçə qeyd”,  “Cəlal Mətinin “Azərbaycan haradır?” məqaləsi haqqında”, “Azərbaycanın adı və sərhədləri”, “Ağayi Əli Mürşüdizadın “Azərbaycanlı ziyalılar və onların milli-etnik mənsubiyyəti” adlı kitabı haqqında tənqidi qeydlər” məqalələrində türk dilinin, ədəbiyyatının və mədəniyyətinin qədimliyinə, bütövlüyünə, əzəli-əbədi məskənlərinə, Azərbaycançılıq ənənələrinə qısqanclıqla yanaşan, xain nəzərləri ilə araşdıran müəlliflərə ədəbiyyatşünas-alim kamil bilgilərilə cavab vermiş, varlığımızın keşiyində dayanmışdır. “Fars dilini qoruyaq, lakin İranın türk və ərəblərinin də ana dilini əzməyək” məqaləsində C.Heyət həqiqət naminə M.Füruginin “fars dilinin acınacaqlı vəziyyətini onun xarici (qərb) söz və istilahlara aludə olmasında gördüyü” fikri ilə razılaşsa da sonrakı şovinist mövqeyi onu bu məsələ ətrafında düşünməyə, məsələni doğru mövqedən təhlil etməyə vadar edir. C.Heyət müəllifin  millətçi fikirlərini sətirbəsətir şərh edir və bütün bunlara qarşı özünün ədalətli mövqeyini tarixi hadisələrin müşayətilə ortaya qoyur. Və sonda onu  öz milli fikir və əqidələrini bir daha nəzərdən keçirməklə islami vətənimizin bütün insanlarını yekdil (birdilli yox) və həmrəy olmasına çalışmağa dəvət edir.

 

 

 

Bu məqalələrində C.Heyət yenə də tarixin yaddaşını vərəqləmiş, tədqiqat xarakterli araşdırmalarını ortaya qoymuşdur. Yuxarıda adları çəkilən yazıları oxuduqca doktor C.Heyətin tarixin dərin qatlarına bunca bələdliyinə, güclü müşahidəyə və yaddaşa malik olmasına heyrətlənməyə bilmirsən. Bu bilik, hazırlıq səviyyəsi o qədər yetərlidir ki, türkün, ərəbin, elə farsın da  müxtəlif dövrlərdə dilinə, mədəniyyətinə, ümumiyyətlə tarixinə qarşı təhrif, yalan, saxta münasibətlərə doktorun doğru mövqedən işıqlandırdığı sanballı cavabları oxucunu qəlbən razı salır. Qəlbi Azərbaycan məhəbbəti ilə dolu olan C.Heyət müxalif, millətçi yazarların qarşısına təpədən-dırnağa tarixi həqiqətlərlə silahlanmış bir sərkərdə kimi çıxır. Və oxucu burada da C.Heyət sözünün qalib olduğuna şahid olur.

 

 

 

“Azərbaycanın adı və sərhədləri”ndə doktor  tarixçilərdən də ötə bir cəsarət və əminliklə araşdırma aparmış, mövzunu bütövlüklə, dolğunluqla əhatə etmişdir. Ümumiyyətlə, C.Heyətin yaradıcılığında dilçilik, ədəbiyyatşünaslıq məsələləri türkün kimliyi, varlığı fonunda, tarixi prinsiplərə uyğun olaraq araşdırıldığından onu dövrümüzün ustad tarixçisi kimi də dəyərləndirmək gərəkdir. Bu məqaləni işləyərkən müəllif öz tədqiqatlarında məşhur yunan coğrafiyaçısı Strabon, Məhəmməd Hüseyn bin Xələf Təbrizi, Mirəli Seyidov, Y.A.Paxumov, Ziya Bünyadov və bir sıra İslam tarixçiləri, Yəqubi, Bələmi, Məsudi, ibn Əsir və başqalarının əsərlərinə, elmi-nəzəri baxışlarına diqqət yönəltmişdir. Bu məxəzlərdə Azərbaycanın adı və sərhədləri ilə bağlı üst-üstə düşmüş fikirləri diqqətə çatdırmışdır.

 

 

 

Qeyd edək ki, müəllifin bu istiqamətdə yazdığı çox dəyərli əsərlərini oxuduqca adamın qanı coşur. Bu əsərlər eyni amal, məqsədi ifadə etsə də, biri digərindən fərqli xüsusiyyətlərə malikdir. Güclü xarakterə malik olan C.Heyət kimliyimizin, varlığımızın qədimliyinə qısqanclıqla yanaşanları, tariximizi təhrif etməyə, saxtalaşdırmağa cəhd edənləri susdurmağı bacarır.

 

 

 

Hər bir müəllifin mövzuya özünəxas bir tərzdə yanaşma xüsusiyyətinin olması məlumdur. R.Bərahe “Dr. Cavad Heyət – Məhdud fürsətlər dahisi” məqaləsində C.Heyəti çox sadə, həm də oxucunu güclü bir təsirlə özünə cəlb etməyi bacaran cazibədar bir dillə, təhkiyə ilə təqdim edir. Onun böyük azərbaycanlı, cərrah olaraq tibb elmində, ədəbiyyatşünaslıqda öhdəsindən gəldiyi çətin, ağır, eləcə də şərəfli işlərindən  fəxarət hissi duyan müəllif yazır: “Heyət məhdud fürsətlər dahisidir. Elmin və mədəniyyətin məhdud imkanları ilə, elm və mədəniyyət əhlinin onlarla dağıdıcı bəlalarla üzləşdiyi bir şəraitdə ancaq işlə məşğul olub, gücü çatan nəticələr əldə edib...” Bu sətirlərdən sonra müəllifin başqa bir bənzətmə-təsvirini oxuyanda  doktorun əzəmətli portretində daha bir cizginin işığını gördüm və həmin bənzətməni də burada səsləndirməyə bilmirəm: “Məhdud fürsətlər dahisi korlar evində divar tikir. Hətta əgər bu korlar bilmədən və anlamadan ittiham barmağını bu insana doğru uzadırlarsa belə, o, gecə qaranlığında kərpic üstə kərpic qoyur ki, sabah günəş çıxdıqda insanlar üzərində kölgəlik yaransın”. Və beləliklə, sözün əlvan çalarlarından çəkilmiş bu tablodan C.Heyətin əzəmətli obrazı görünür. C.Heyət dünya azərbaycanlılarının tanıdığı, onun həyat ideallarının bəşəri ideallarla səsləşdiyini görən və bundan qurur duyan türkün inam yeri, arxadaşıdır.

 

 

 

Bu kitab doktorun özünün və əməli işlərinin mahiyyətini, bəşəri xarakterini açır. Yarım əsrdən də artıq bir zamanda məhdud fürsətlərdən ilham alaraq İran Azərbaycanının dil və mədəniyyətinin, ədəbiyyatının inkişafında yorulmadan mübarizə aparan və bu yolda çəkdiyi zəhmətdən usanmayan, kəmfürsətlərin verdiyi sıxıntı və təzyiqlərdən əyilməyən, sınmayan cəsur bir şəxsiyyətin ideallarının belə bir səviyyədə, özü də ustalıqla təqdim olunması adamı heyrətə gətirir. Açıq-aydın görünür ki, doktorun ruhunda, qanında-canında böyük bir Azərbaycan eşqi çağlayır. Bu eşqə bələnməmək, onun oduna, alovuna qızınmamaq,  bunca böyük məhəbbətdən vəcdə gəlməmək mümkün deyil. O, dünənimizin, bu günümüzün və sabahımızın prof. Rza Bərahenin təbirincə desək, Məhdud fürsətlər dahisidir.

 

 

 

C.Heyət bir türk olaraq hər zaman Azərbaycan həyatını, onun tarixini, ədəbiyyatını, mədəniyyətini, milli-mənəvi dəyərlərini sevərək tədqiq etmiş və bütün bunlarla əlaqədar ədəbiyyatşünaslıq elminə öz töhfəsini vermişdir. Bu əsərlərin yazılmasından illər ötsə də orada qoyulan məsələlər, araşdırılan tarixi hadisələr və şəxsiyyətlər, bütünlükdə müəllifin toxunduğu mövzular cəmiyyətimiz, ictimai-ədəbi mühitimiz üçün gərəkli, həmişəyaşar mövzulardır. Odur ki, onlardan bəhs etmək, öyrənmək, faydalanmaq hər zaman əhəmiyyətlidir.

 

 

Qaynaq:

http://www.525.az/d-biyyat/article/821 




بؤلوم : دكتر جواد هیئت از نگاه دیگران (دوكتور جواد هئیته عایید دوشونجه لر) یازار : VARLIQ 0 باخیش


 

بلاگا گؤره

    بؤیوك اینسانلاردان دانیشماق چتیندیر . اونلارین حیاتلاری، چالیشمالاری و اؤزللیكله ده اوركلری او قدر بؤیوكدور كی، بیر یازییا سیغیشماز.
    دوكتور جواد هیئت بو اینسانلاردان بیری‌دیر!


سایغاج